"Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə təxminən iki ay əvvəl Tehrandakı iqamətgahına qoyulmuş bombanın partlaması nəticəsində ölmüş ola bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu iddia ilə "The New York Times" (NYT) qəzeti çıxış edib. 

Qəzetin mənbələrinə görə, partlayıcı qurğu Haniyə otağında görünəndən sonra uzaqdan işə salınıb. Qəzetin hadisə yerindən çəkdiyi fotoşəkillərə görə partlayış nəticəsində bir neçə pəncərə sınıb və xarici divarın bir hissəsi uçub.

NYT-nin məlumatına görə, HƏMAS Siyasi Bürosunun rəhbərinə sui-qəsd əməliyyatına hazırlıq bir neçə ay ərzində planlaşdırılıb və onun Tehrandakı iqamətgahı diqqətlə izlənilib. Qəzet həmçinin iddia edir ki, binaya dəyən ziyan raket zərbəsi deyil, partlayıcı qurğunun vura biləcəyi zərərə uyğundur.

Bəzi ABŞ rəsmiləri Haniyənin öldürülməsində İsrailin məsuliyyət daşıdığını düşünürlər. İsrail kəşfiyyat rəsmilərinin də əməliyyat baş verdikdən dərhal sonra ABŞ və digər Qərb hökumətlərinə əməliyyatın təfərrüatları barədə məlumat verdiyi iddia edilir.