İsrailin Milli Təhlükəsizlik Şurası (MTŞ) İran, Livanın Hizbullah, Fələstinin HƏMAS hərəkatı və digər qüvvələrin xaricdəki İsrail dövləti ilə əlaqəli hədəflərə, o cümlədən səfirliklərə və sinaqoqlara hücumları ehtimalı barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin saytında yerləşdirilən məlumatda deyilir.

"Son hadisələrdən sonra İran, Hizbullah və HƏMAS (digər təşkilatlarla birlikdə) HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və Hizbullahın strateji məsələləri üzrə rəhbəri Fuad Şükrinin intiqamını almaq niyyətində olduqlarını bəyan ediblər. Eyni zamanda, İsrail və yəhudilərə aid xaricdəki səfirliklər, sinaqoqlar və digər hədəflərə qarşı hücumlar yolu ilə cavab tədbirləri həyata keçirməyə çalışacaqları ehtimalı var", - bəyanatda deyilir.

MTŞ-nin sözlərinə görə, eskalasiyanın qlobal cihadçı təşkilatların və ayrı-ayrılıqda terrorçuların dünyanın müxtəlif ölkələrində israillilərə qarşı hücumlar həyata keçirməyə motivasiyasını artıracağı ilə bağlı narahatlıq da var.