"Explore Worldwide" turizm şirkətinin tədqiqatçıları dünyanın müxtəlif ölkələrində insanların ən çox axtardığı heyvanları göstərən dünya xəritəsi hazırlayıb.

İqtisadiyyat.az "Daily Mail"ə istinadən bildirir ki, xəritə 180-dən çox ölkədə 170 müxtəlif heyvan adının axtarış sorğularını təhlil edən "Google Keyword Planner" vasitəsilə hazırlanıb. 

Araşdırmaya görə, ən populyar heyvan 44 ölkədə axtarışlarda lider olan pələng olub. İkinci yerdə begemotlar (25 ölkə), üçüncü yerdə isə delfinlər (17 ölkə) yer alıb. Sonrakı yerləri balina (16 ölkə) və qorilla (8 ölkə) tutub. 

 

Dünyadakı ən məşhur heyvanlar / foto Kəşf edin

 

ABŞ-da ən çox axtarılan heyvan pələng olub. Dəvə və uzunqulaq isə sonrakı yerlərdədir.

Böyük Britaniya sakinləri "Google"də ən çox delfin, İspaniya və Portuqaliyada balina, Fransada isə begemot axtarılıb. Almanlar ən çox siçan, bolqarlar zebra, rumınlar isə qorilla axtarıblar.

 

Avropanın sakinləri arasında ən populyar heyvanlar / Foto Kəşf edin

 

Həmçinin, Avstraliya əhalisi daha çox meymunlarla, Yeni Zelandiyalılar isə delfinlərlə maraqlanıblar. Afrika ölkələrində pələng ilk sıradadır. Afrika qitəsindən yanlız Ruandada şir ilk sırada yer alıb. 

Cənubi Amerika ölkələrindən Boliviyada leylək, Argentinada atlar, Peruda pinqvinlər, Braziliyada isə balinalar ilk sıradadırlar. 

Sözügedən xəritədə Azərbaycanda ən çox pələnglərin axtarışa verildiyi qeyd edilib.