Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 25 ünvanında yerləşən fiziki şəxs Samir Parış oğlu İmanova məxsus ət satışı mağazası və iaşə obyektində yoxlama aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, yoxlama zamanı bir sıra nöqsanlar aşkar olunub.

Ət satışı mağazası və iaşə obyektinin (“Kabab evi”) qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, kabab ətinin hazırlanması və marinə olunması üçün masanın ayrılmadığı, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, ət və süd məhsullarının (pendir, süd, yağ) birgə saxlanıldığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, qida obyektində çalışan işçi təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) təmin edilməyib. Obyektdə havalandırma sistemi quraşdırılmayıb, təmizlik inventarlarının, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün ayrıca yer və ya dolab yoxdur.

Aşkarlanan nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi barəsində inzibati xətalar haqqında protokol tərtib edilib, müəssisədə toyuq ətindən dönər kababının satışı məhdudlaşdırılıb.