Norveçli alpinist Kristin Harila "hündürlüyü 8000 metrdən yuxarı bütün dağlara ən sürətli çıxa bilən qadın" adına sahib olmaq üçün öz siyahısındakı sonuncu zirvəyə - Ço Oyu zirvəsinə qalxıb.

İqtisadiyyat.az əcnəbi mediaya istinadən xəbər verir ki, Harila bir il ərzində 8000 metrdən yuxarı 14 zirvənin hamısına qalxaraq ispaniyalı alpinistin 8 il 3 aylıq rekordunu qırıb. O, aprelin 26-da Çinin Tibet Muxtar Bölgəsindəki 14-cü ən yüksək dağ olan Şişapanqmaya qalxdıqdan bir həftə sonra dünyanın altıncı ən hündür zirvəsi olan Himalaydakı Ço Oyu dağına qalxıb. Bununla da o, hündürlüyü 8000 metrdən çox olan bütün zirvələri ən tez fəth edən ilk qadın alpinist kimi tarixə düşüb. 

Qeyd edək ki, Ço Oyu dəniz səviyyəsindən 8188 metr hündürlükdə yerləşən dünyanın altıncı ən yüksək dağıdır. "Ço Oyu" Tibet dilində "Firuzəyi ilahə" deməkdir. Bu dağ Everestdən 20 km qərbdə yerləşir.