İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2022-ci ili 2,9 milyon manat mənfəətlə başa vurub.

İqtisadiyyat.az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 6,3 dəfə azdır.

Ötən il KOBİA-nın əməliyyat gəlirləri 46,574 milyon manat (əvvəlki ilə nisbətən 48,,2 % çox), digər gəlirləri isə 2,9 milyon manat (3,4 dəfə az) təşkil edib. Hesabat dövründə Agentliyin xərcləri isə 46,574 milyon manat (illik müqayisədə 2 dəfə çox), o cümlədən istifadə etdiyi materialların dəyəri 854 min manat (91,9 % çox), işçi heyəti üzrə xərcləri 11,007 milyon manat (9,7 % çox), amortizasiya xərcləri 768 min manat (16,2 % çox), digər əməliyyat xərcləri 33,943 milyon manat (2,8 dəfə çox), sair əməliyyat xərcləri isə 1 min manat (6,6 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 47,613 milyon manat olub ki, bu da illik müqayisədə 32,3 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 2,4 dəfə azalaraq 17,874 milyon manata düşüb, balans kapitalı isə 10,8% artaraq 29,739 milyon manata çatıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.