Dünyanın ən zəngin 1%-i son on ildə öz sərvətlərini ümumilikdə 42 trilyon dollar artırıb.

İqtisadiyyat.az xəbər verir ki,  bu barədə “Oxfam” xeyriyyə təşkilatı zənginlərin vergiyə cəlb edilməsinin gündəmdə olduğu Braziliyada keçirilən "G20" sammiti ərəfəsində bildirib.

Məlumata görə, zənginlərin vergiləri hazırda tarixi minimuma enib.

Braziliya super zənginlərin vergiyə cəlb edilməsi ilə bağlı beynəlxalq əməkdaşlığı "G20"yə sədrliyinin prioritetinə çevirib. "G20" qlobal ümumi daxili məhsulun 80 faizini təşkil edən ölkələri təmsil edir.

Bu həftə Brazilyada keçiriləcək sammitdə qrupun maliyyə nazirlərinin super varlılar üçün vergilərin artırılması və milyarderlərin vergidən yayınmasına qarşı mübarizədə irəliləyiş əldə edəcəyi gözlənilir. Təşəbbüs milyarderlərin və digər yüksək gəlirli şəxslərin vergiyə cəlb edilməsi üçün metodologiyaların müəyyənləşdirilməsini əhatə edir.

Bu təklif sammitdə qızğın müzakirə olunacaq, Fransa, İspaniya, Cənubi Afrika, Kolumbiya və Afrika İttifaqı lehinə, ABŞ isə qəti şəkildə əleyhinədir.

 

Gözəl Həşimova