İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir:

Cəlilabad rayonunun 22 yaşayış massivində təbii qazın verilişində fasilə yaranacaq. Bu gün saat 09:30 radələrindən görüləcək işlər başa çatanadək, “Günəşli” ölçü qovşağından qidalanan yeraltı orta təzyiqli kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar 10 740 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq. Abonentlərdən diqqətli olmaları xahiş olunur.

“Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı davam edir. Festival bu gün İrandan Mahan Mirarabın gitarada, həmyerlimiz Elçin Şirinovun pianoda ifası və Beynəlxalq muğam müsabiqəsi ilə Azərbaycan Milli Konservatoriyasında davam edəcək. Bu gün Beynəlxalq Muğam Mərkəzində Əfqanıstanı təmsil edən Daud Khan Sadozainin konserti, Daş Salnaməsi Muzeyində isə muğam axşamı keçiriləcək.

Ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul olmaq istəyən namizədlər bu gün "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və iyunun 20-dən etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. 

Bu gün Cenevrədə "Sudanda humanitar işlərə dəstək" məqsədilə yüksək səviyyəli öhdəlik konfransı keçiriləcək. Konfransın Avropa İttifaqı, Afrika Birliyi, Misir, Almaniya, Qətər və Səudiyyə Ərəbistanı ilə yanaşı, BMT tərəfindən təşkil edildiyi bildirilib. BMT-nin baş katibi Antonio Quterreş konfransda onlayn iştirak edəcək.

İspaniya Ukraynaya 20 zirehli maşın və 4 Leopard 2A4 tankı göndərəcək. Zirehli maşınlar Polşaya bu gün çatdırılacaq. Polşadan isə Ukraynaya yola salınacaq.

Milli futbolçumuz Mahir Emreli bu gündən Zaqreb “Dinamo”sunda təlim-məşq toplanışına başlayacaq.

Futbol üzrə U21 Azərbaycan yığması bu gün Qırğızıstanla yoldaşlıq matçı keçirəcək. 

Bu gün futbol üzrə Argentina millisi İndoneziya ilə yoldaşlıq oyununa çıxacaq. Əgər son dünya çempionları qalib gələrsə, bu Messinin 700-cü qələbəsi kimi tarixə düşəcək.