İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.

Dövlət İmtahan Mərkəzi bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsini keçirəcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün bu gün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Bu gün Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçiriləcək. Festivalda tematik ərazilərlə tanış olmaq mümkün olacaq: “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona təqdim ediləcək. Ziyarətçilər orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər. 

Tədbirə giriş pulsuzdur.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol üzrə milli komandası Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib. Yığma qrupda sonuncu oyununu bu gün keçirəcək. Bakı vaxtı ilə saat 12:15-də start götürəcək görüşdə rəqib Lüksemburq olacaq. 

 

Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı”nın həlledici oyunu baş tutacaq. Xorvatiya millisi İspaniya ilə qarşılaşacaq. Oyun saat 22:45-də başlayacaq. 

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 18-25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı keçiriləcək. Bu gün Heydər Əliyev Sarayında Alim Qasımov və xüsusi qonaqların, Azərbaycan Milli Konservatoriyasında isə Ənvər Sadıqov və Emil Əfrasiyabın iştirakı ilə açılış mərasimi baş tutacaq.   

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda "Dervish Band" qrupunun konserti baş tutacaq. Konsert saat 20:00-da başlayacaq. Biletlərin qiyməti 15-75 manat arasında dəyişir. 

Bu gün Bakı Konqress mərkəzində türkiyəli müğənni Emre Aydının konserti baş tutacaq. Konsert saat 20:00-da başlayacaq. Biletlərin qiyməti 90-190 manat arasında dəyişir.