İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. 

Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov bu gün Almaniyanın paytaxtı Berlin şəhərinə səfər edəcək. Deputat səfərdə “Azərbaycanda yəhudi irsi” adı ilə keçirilən tədbirdə iştirak edəcək. Səfər iyunun 22-də başa çatacaq. 

Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti görüşünə çıxacaq. Canni de Byazinin yetirmələrinin Bakıdakı rəqibi Estoniya yığmasıdır. Oyun saat 20:00-da Mərdəkanda yerləşən "Dalğa Arena"da baş tutacaq.  

Futbol üzrə Azərbaycanın U21 milli komandası isə İstanbulda türkiyəli həmyaşıdları ilə yoldaşlıq görüşü keçirəcək. 

Bu gündən iyunun 26-dək Almaniyanın paytaxtı Berlində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletika, badminton, basketbol (qızlar), cüdo, bədii gimnastika, həndbol (qızlar), pauerliftinq (ağırlıqqaldırma), stolüstü tennis, üzgüçülük və voleybol (oğlanlar) idman növləri üzrə yığma komandalarından ibarət 72 nəfər nümayəndə heyəti oyunlarda iştirak edəcək.

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər. 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək. 

Bu gün ilk dəfə Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq Çelenci start götürəcək. Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) iki gün davam edəcək tədbirdə Azərbaycan, Gürcüstan və Litvadan ümumilikdə 47 komandanın tərkibində 500-dək idmançı bacarığını göstərəcək. 

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deputat vəzifəsini tərk etdikdən sonra “Daily Mail”də yeni işə başlayıb. Nəşr Consonun onların şənbə köşə yazarı olacağını təsdiqləyib. O, həftəlik yazı təqdim edəcək. Consonun ilk məqaləsi bu gün işıq üzü görəcək.