İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib. 2023-cü il dövlət büdcəsində dəyişiklik edilməsi məsələsi üçüncü oxunuşda müzakirə olunacaq. 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bu gün saat 09:00-da Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək. Qəbul zamanı Quba və Qusar rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Bu gün saat 12:00-da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının inzibati binasında Şamaxı, Ağsu və Qobustan rayonlarından olan olan vətəndaşları qəbul edəcək. Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan 16-19 iyun 2023-cü il tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək.

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Benqt Alforsun "İllüziya" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası keçiriləcək.

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Toplantı saat 11:30-da “Dalğa Arena”da gerçəkləşəcək. 2023-2024-cü illər mövsümündə I Divizionda çıxış edəcək komandaların siyahısı təsdiq olunacaq. Həmçinin,  II Divizionun təsis olunması, turnirdə iştirak edəcək komandaların siyahısının müzakirəsi aparılacaq.

Bu gün yer kürəsində müşahidə olunan güclü maqnit qasırğası pik həddə çatacaq. Həkimlər xroniki xəstəlikləri olan və meteohəssas insanlara diqqətli olmalarını tövsiyyə edir.