İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək. Saat 20:00-da başlayacaq konsertə giriş sərbəst olacaq. Səhnəyə ölkənin tanınmış ifaçıları çıxacaq. Onların arasında Röya, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Abbas Bağırov, Aygün Kazımova, Miri Yusif və başqa məşhurlar var.

Bu gün Heydər Əliyev Mərkəzində beynəlxalq Bakı Piano Festivalının açılışı olacaq. Festivalda Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan qatılan tanınmış musiqiçilər çıxış edəcəklər. Festival iyunun 15-i başlayıb, 29-dək davam edəcək. Tədbirin məqsədi dünyanın hər yerindən ən yaxşı musiqiçiləri nümayiş etdirərək, ölkələrin xalqlarını mədəni şəkildə bir araya gətirməkdir.

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır. Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Göradil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, Şıx çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən ictimai çimərliklər şəhər sakinlərinin müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.

172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi –“Koroğlu” NMM) sərnişindaşımaları “BakuBus”a həvalə edilib. Bu gündən bu xətt üzrə daşımalar dövlət şirkətinin istismarında olan müasir, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla həyata keçiriləcək. Bu dəyişiklik sayəsində ümumilikdə 10 000 nəfərə yaxın sakini olan Bilgəh qəsəbəsi üzrə əhalinin ictimai nəqliyyata əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

UEFA Millətlər Liqasında "Dördlər finalı" çərçivəsində növbəti oyun baş tutacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq növbəti yarımfinal matçı İspaniya və İtaliya seçmələri arasında olacaq.