İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Türkiyə Prezidentİ Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək. Onu ATA ittifaqının prezidentliyə namizədi olmuş Sinan Oğanın da müşayət edəcəyi gözlənilir. S.Oğanın heyətlər arasında keçiriləcək geniştərkibli görüşdə iştirak edəcəyi də iddia olunur. Səfər çərçivəsində regional məsələlərin, o cümlədən Cənubi Qafqazdakı durumun müzakirə ediləcəyi gözlənilir.

ABŞ Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçiriləcək. Bu barədə Senatın saytında məlumat yayılıb. Bildirilib ki, iyunun 13-də Senatın Xarici Əlaqələr Komitəsində Mark Libbinin Azərbaycan səfir təyin edilməsi müzakirə olunacaq. Onun namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülüb.

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 14 məsələ daxil edilib. 2023-cü il dövlət büdcəsinə dəyişiklik edilməsi məsələsi ikinci oxunuşda müzakirə olunacaq.

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən bu gün İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan və Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. 

“Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq. Aksiya Məhəmməd Füzuli Parkında baş tutacaq. “Səyyar qəbul otağı” bu gün saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Bu gündən iyunun 17-dək Azərbaycan Dövlət Kukla Teatrında “Kukla teatrları həftəsi” təşkil olunacaq. Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “Açıq qapı” formatında baş tutacaq. Burada məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır. İyunun 13-də təntənəli açılış mərasimi ilə öz işinə başlayacaq tamaşa həftəsində hər gün müəyyən olunmuş qrafikə əsasən ev sahibi sənət ocağı ilə yanaşı Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər. Tamaşalar iyunun 13-də dəvətnamə ilə, 14-17-də isə ödənişsiz nümayiş olunacaq.

Futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışına bu gündən start veriləcək.