Kredit portfelinin bütün seqmentləri üzrə dollarlaşmanın səviyyəsi tarixi minimumdadır.

İqtisadiyyat.az xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilib.

Bildirilib ki, dövr ərzində manatın məzənnəsinin sabitliyi və manatla kreditləşmənin genişlənməsi nəticəsində kredit portfelində milli valyutada olan kreditlərin payının artması trendi davam etmişdir. Belə ki, ilin ilk yarısında bütövlükdə kredit portfelinin dollarlaşması 2.9 f.b. azalaraq 23.3% təşkil edib. 

Qeyd edilib ki, ötən 6 ay ərzində biznes kreditlərinin dollarlaşması 3.5 f.b. azalaraq 37.9%, istehlak kreditlərinin dollarlaşması 1.5 f.b. azalaraq 5.5%, ipoteka kreditlərinin dollarlaşma səviyyəsi isə 0.1 f.b. azalaraq 0.4% təşkil etmişdir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması istehlak portfelinin dollarlaşmasının tarixi minimuma enməsinə imkan verib.

Habelə, Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən daşınmaz əmlak kreditinin (ipoteka krediti) yalnız milli valyutada verilməsi tələbi ipoteka kreditləri üzrə portfelin demək olar ki, milli valyutada olmasını şərtləndirib.