Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonu ərazisində 711 metr uzunluğa malik Kazım Kazımzadə küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, ortalama eni 13 metr olan və yol infrastrukturu baxımından rayonun ən işlək küçələrindən hesab olunan Kazım Kazımzadə küçəsində aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 2 390 kvadratmetr sahədə bərpa olunub, 1147 p/m yeni bordür daşları düzülüb.

Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Sonda küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunub.