Azərbaycanda problemli kreditlərin məbləği azalıb. Belə ki, rəsmi məlumata görə, bu il iyulun 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 451,7 milyon manat təşkil edib. Bu, ötən ayla müqayisədə 3,2 % azdır. Son bir ildə isə problemli kreditlərin məbləği 10,1% azalıb. 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov İqtisadiyyat.az-a bildirib ki, problemli kreditlərin məbləğinin azalma səbəbini bank sektoru özü açıqlamalıdır.

Onun sözlərinə görə, problemli kreditlər iki yolla azala bilər: “Ya əvvəlki problemli kreditlər qaytarılıb, yəni bank məsələni məhkəmə, girovu sataraq və ya digər müxtəlif yollarla həll edib. Ya da bank problemli krediti “ümidsiz kredit” kimi silib. Yəni qaytara bilməyib silib və indi də o, artıq problemli kredit kimi mövcud deyil. Əgər problemli kreditlər qaytarılıbsa, bank üçün uğur, silinibsə uğursuzluqdur. Məsələn, biz deyirik ki, ilin əvvəlində ölkədə filan xəstəliyə min adam tutulmuşdu. İlin sonunda xəstəliyə yoluxanların sayının azalaraq 500 olduğunu deyirik. Burada sual ortaya çıxır: qalan 500 nəfər sağalıb, yoxsa ölüb? Eynilə bank sektorundakı problemli kreditlərin azalmasına da bu cür yanaşa bilərik”.

“Ehtimal edirəm ki, problemli kreditlərin bir hissəsi silinib, digər hissəsi isə qaytarılıb. İndi onun hansı nisbətdə olmasını demək çətindir. Bəzi banklar girovları yaxşıdırsa, doğrudan da, qaytara bilirlər. Bəzilərində isə əksinə olaraq problemli kreditlər silinir. Buna görə də bu məsələyə tam qiymət vermək olmur. Çünki məlumat tam deyil”, - Ə.Həsənov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyunun 1-nə 1,8 %, ilin əvvəlinə 1,8 %, 2023-cü ilin iyulun 1-nə isə 2,3 % olub.

 

Sadiq Cavadov