ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla"nın avtomobil tədarükü bu ilin ikinci rübündə illik bazda 4,8% azalsa da, gözləntiləri üstələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət ikinci rüb üçün avtomobil istehsalı və tədarük məlumatlarını dərc edib.

"Tesla"nın bu ilin ikinci rübündə ixrac etdiyi avtomobillərin sayı illik bazda 4,8% azalaraq 443 min 956-ya enib. Bazar gözləntiləri şirkətin bu dövrdə 439 min avtomobil təslim edəcəyi yöndə olub. "Tesla" ötən ilin eyni dövründə 466 min 140 avtomobil tədarük edib.

Şirkətin avtomobil tədarükü bu ilin birinci rübündə isə 8,5% azalıb.

Hesabat dövründə şirkət 410 min 831 avtomobil istehsal edib. "Tesla" 2023-cü ilin birinci rübündə 479 min 700 avtomobil istehsal edib.

 

Gözəl Həşimova