5-6 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Nazirlikdən verilən məlumata görə, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək.

Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.

Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.