Bu ilin birinci yarısında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub. Eyni zamanda spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 6,8% artıb.

Hesabat dövründə aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1% artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu dövrdə Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 milyon ABŞ dolları,  İsveçrə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.