İstismar müddəti 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi ilə bazarlarda qiymət 10%-ə qədər bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə avtomobil satışı üzrə mütəxəssis Sərxan Qədirov "Operativ Media”ya danışıb. O, bildirib ki, bu qərarın qəbul edilməsinin hələ bir ayı tamam olmayıb, amma qiymətlər indidən artıb.

Ekspertin sözlərinə görə hazırda bazarda tələbat daha çox istehsal ili 2008-2014-cü il aralığında olan avtomobillərədir. Bu il aralığında olan avtomobillərin idxalı hələ ki, tam başa çatmayıb. Qərardan əvvəl xarici ölkələrdən sifariş edilən avtomobillərin də Bakıya çatması ilə bu proses tam yekunlaşacaq. Yalnız bundan sonra bazarda yenidən nə qədər qiymət artımı olacağını müəyyən etmək mümkün olacaq.

Sərxan Qədirov onu da bildirdi ki, bahalaşma istismar ili 10 ildən az olan avtomobillərdə də müşahidə edilir. Xüsusilə xarici bazarlarda artıq yalnız yeni avtomobillərin alınması mümkün olduğundan seçim daha çox istehal ili 2014, 2015, 2016 cı illər aralığında olanlaradır. Bir müddət sonra isə bu illər aralığında olan avtomobillərin alınmasında da bazarda tələb təklifi üstələyəcək.

Ekspert onu da qeyd edir ki, Rusiya istehsalı olan maşınların da qiyməti bahalaşıb. Baxmayaraq ki, bu ölkənin istehsal etdiyi avtomobillərin bəzi modelləri artıq 10 ildən çoxdur ki, Azərbaycana idxalına qadağa var. Lakin yenə də tələbat yüksəkdir. Belə avtomobillərin də qiyməti 500-1500 manat arası yüksəlib.

Sərxan Qədirovun sözlərinə görə, mövcud vəziyyətdə yay aylarında bazarlarda durğunluğun olması qiymətləri müəyyən mənada ucuzlaşdıra bilər. Lakin sentyabr ayından qiymətlərin yenidən bahalaşması istisna deyil.