Son vaxtlar avtomobillərin qiymətinin artacağı barədə proqnozlar intensivləşib. Adətən, belə proqnozlar primitiv təhlilə söykənir.

Gələn ildən etibarən böyük ölçülü mühərriki olan avtomobillər üçün gömrük rüsumunun artırılmasına söykənərək qiymətlərin artacağı iddia olunur.

Halbuki qeyd etdiyimiz kimi belə təhlillər primitiv xarakter daşıyır, faktorlar ümumi şəkildə gözdən keçirilmir. Əslində isə gələn ildən etibarən avtomobillərin, xüsusən də kiçik mühərrikli maşınların ucuzlaşma ehtimalı daha böyükdür. Böyük mühərrikli avtomobillərin idxalının azalmasından sonra kiçik mühərrikli avtomobillərə tələbatın artacağı və bu üzdən də bahalaşmanın olacağı deyilir. Amma bir məsələ diqqətdən qaçırılır ki, qapılar açıqdır və kiçik mühərrikli avtomobillərin idxalının tələbata uyğun olaraq artması qaçılmazdır. Hətta artıq indidən panika altında bu növ avtomobillərin idxalı artıb.

Xüsusən də ABŞ hərraclarından kiçik mühərrikli avtomobilləri alıb kütləvi şəkildə Azərbaycana gətirirlər. Bu üzdən yeni ilin əvvəllərində bazarda belə avtomobillərin təklifinin tələbatı üstələməsini və qiymətlərin enməsini daha çox gözləmək lazımdır. İkinci vacib faktor lizinq şərtləri ilə bağlıdır. Gələn ildən başlayaraq fiziki şəxslərə lizinq yolu ilə avtomobil satışının qadağan edilməsi gözlənilir. Artıq bəzi lizinq şirkətləri təcili olaraq lizinq şərtlərini yumşaltmaqla ilin son günlərində satışı stimullaşdırmağa çalışır.

Zaman-zaman belə elanlara sosial şəbəkələrdə də rast gələ bilərsiniz. Lizinq hazırda avtomobil bazarında ən geniş yayılmış satış alətidir. Bu imkanlar əldən çıxandan sonra nağd pulla avtomobil satışı indiki səviyyədən əhəmiyyətli dərəcədə aşağı düşəcək. Nəhayət, sonuncu və ən vacib faktor: Gələn ildən etibarən qüvvəyə minəcək vergi qaydaları nəticəsində potensial avtomobil alıcılarının vergi yükü artacaq. Yaxşı bilirik ki, insanların xərcləri artanda və gəlirləri azalanda ilk növbədə daşınmaz əmlak və daşınan bahalı əmlak alınması ilə bağlı planları təxirə salırlar. O üzdən də gələn ilin ilk aylarında artıq evlərə və maşınlara tələbatın azalmasını müşahidə edəcəyik. Ümumilikdə yeni vergi qaydaları və “obnaliçka” imkanlarını məhdudlaşdırmağa yönəlmiş addımlar dövriyyədə manat kütləsinin azalmasını şərtləndirəcək ki, bu da özünü ilk növbədə ev və maşın bazarının zəifləməsində göstərəcək. Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın planlarına uyğun olaraq neftin qiymətində eniş baş verərsə, ölkəyə dollar axını azalacaq və o zaman dolların kursunu sabit saxlamaq üçün dövriyyədə manat kütləsini azaltmağa yönəlik tədbirlər də davam edəcək. Odur ki, avtomobil almaq istəyənlər panikaya düşməsinlər. Bəlkə də ən yaxşı qərar elə gələn ili gözləməkdir&hellip,Bizimyol.