Aİ-dəki Daimi Nümayəndələr Komitəsi Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb. 

İqtisadiyyat.az bildirir ki, bu barədə İspaniyanın Avropa İttifaqı Şurasına sədrliyi özünün “Twitter” səhifəsində məlumat yayıb.

İyulun 20-də Aİ Şurası Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların müddətini bir daha uzatmaq qərarına gəldiyini açıqlayıb. “Maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallar üzrə məhdudiyyətlər də daxil olmaqla, geniş sahəvi tədbirləri” əhatə edən məhdudiyyətlər 2024-cü ilin yanvar ayının sonuna qədər uzadılıb.

Məhdudiyyətlər ilk dəfə 2014-cü il iyulun sonunda Rusiyanın Ukraynada vəziyyəti sabitliyi pozan hərəkətlərinə cavab olaraq bir il müddətinə tətbiq edilib. Daha sonra onlar dəfələrlə uzadılıb və 2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra onlar xeyli genişləndirilib. Hazırda Aİ Rusiyaya qarşı 11 yeni sanksiyalar paketi təqdim edib.