“Risk qrupuna aid olan xroniki xəstəliklərdən əziyyət çəkən (piylənmə, immun çatışmazlığı, ürək qüsuru, xroniki ağciyər xəstəliyi, böyrək çatışmazlığı, sinir xəstəlikləri, daun sindromları və s.) yaşı 12-dən böyük olan uşaqların koronavirusa qarşı peyvənd olunması tövsiyə edilir”.

Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, hər iki valideynin razılığı əsasında 12 yaşdan böyük olan uşaqların koronavirusa qarşı peyvəndlənməsi həyata keçirilə bilər:

“Onlara “Pfizer” vaksininin vurulması tövsiyə edilir. Çünki ölkədə istifadə olunan digər peyvəndlər barədə elmi araşdırmalar hələ tam başa çatmayıb. Bu səbəbdən ÜST-ün tövsiyəsinə əsasən biz bu gün həmin uşaqlara “Pfizer” vaksinini tövsiyə edə bilirik. Peyvənd vurulan uşaqlarda əks-göstəriş və ya digər yan təsirlər böyüklərdəki kimidir. Peyvəndlənmə pandemiya dönəmini keçmək üçün vacib amildir”.