İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Atlas Medical Center" MMC ilə məhkəmə çəkişməsi davam edir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hazırda dövlət xidmətinin şirkətə qarşı iddiası Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın sədrliyi ilə araşdırılır.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Məlumat üçün bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi bir müddət əvvəl "Atlas Medical Center" MMC-ni vergi məsələlərinə görə məhkəməyə verib.

Dövlət Vergi Xidmətiin rəsmi məlumatına əsasən, "Atlas Medical Center"in aprelin 1-dək yığılmış vergi borcu 171 518,66 manat təşkil edib. Artıq məhkəmə çəkişməsi müddətində klinika vergi borcunun müəyyən hissəsini ödəyə bilib. Buna baxmayaraq, klinikanın hələ də 60 000 manata yaxın ödəyə bilmədiyi vergi borcu qalmaqdadır.

Qeyd edək ki, "Atlas Medical Center" 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Klinikanın qanuni təmsilçisi Əliyev Fərhad Ənvər oğludur.

Xatırladaq ki, 2014-cü ildə Səhiyyə Nazirliyinin klinikada apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanmışdı. Həmin nöqsanlar klinikanın lisenziyadan kənar qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərməsindən ibarət olub. Buna görə də özəl tibb müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar verilmişdi. Lakin nöqsanları aradan qaldıran klinikaya fəaliyyətini bərpa etməyə şərait yaradılıb.

Amma buna baxmayaraq, bu il klinikada yenidən nöqsanlar aşkarlanıb. Cari ilin aprel ayının əvvəlində açıqlanan rəsmi məlumata görə, "Atlas Medical Center"ə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimə yazılıb.

Klinika barəsində Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılır.