Səhiyyə Nazirliyi Aristokrat Tibb Mərkəzində nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl klinikada yoxlama aparılıb.

Yoxlama zamanı lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi aşkarlanıb.

Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib olunub. 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq. 

Əgər məhkəmə iddianı təmin edərsə, Aristokrat Tibb Mərkəzini 8 000 manatadək cərimə gözləyir.

Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.