Səhiyyə Nazirliyi "Stimul Hospital"da nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar zamanı klinikada sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxıldığı məlum olub.

Buna görə özəl xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və iş hakim Anar Rzayevin icraatına verilib.

Hakim protokolda qeyd olunanları təsdiqləyərsə, klinikanı 8 000 manatdək cərimə gözləyir.

Çünki sözügedən maddədə deyilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, ötən ay tanınmış jurnalist Fərahim İlqaroğlunun anası Bahar Qasımova "Stimul Hospital"da dünyasını dəyişib. O, anasının ölümünün həkimlərin və tibbi personalın səhlənkarlığı və səhvi nəticəsində baş verdiyini iddia edib. Baş Prokurorluq  “Stimul Hospital”da pasiyent ölməsi faktı ilə bağlı araşdırmalara başlayıb.