Qeyri-rəsmi statistikaya görə, hər 10 uşaqdan 3-də qamət əyriliyi müşahidə olunur. Bu isə skolioz əlamətidir. Bəs insanlar bu xəstəlikdən xəbərdardımı? Cəmiyyətdə həm uşaqlar, həm də valideynlər əsas nələri bilməlidirlər?

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran fizioterapevt Gülay Qurbanzadə skoliozu 3 növ üzrə qruplaşdırır: “İdeopatik dediyimiz səbəbi məlum olmayan skoliozdur ki, təxminən 80 % hallarda buna rast gəlirik. İkinci neyromuskulyar dediyimiz sinir əzələ xəstəliklərinə bağlı yaranan skoliozdur. Üçüncü isə doğuşdan yaranır. Bundan başqa, skoliozun rentgen nəticəsinə əsasən iki formasını ayırd edirik: C və S formaları. C formasında onurğanın yalnız bir şöbəsində əyrilik müşahidə olunur. S formasında isə onurğanın iki şöbəsində əyrilik müşahidə edirik. S vari forma C vari formaya nisbətən daha ağır keçir və müalicəsi də bir o qədər çətin olur”. 

Fizioterapevt Gülnar Əhmədli bu xəstəliyin əməliyyat mərhələsindən söz açıb: “Skoliozun yaranma səbəbləri təxminən 80 % hallarda tam olaraq bəlli deyil. Bildiyimiz 4 dərəcəsi var. Bir, iki və üçüncü dərəcələr tam müalicəyə tabe olur. Dördüncü dərəcə isə artıq əməliyyata göstəriş sayılır”. 

G.Əhmədlidən bu xəstəliyin daha çox oğlanlarda, yoxsa qızlarda müşahidə edildiyini soruşduq. Cavabı belə oldu: “Skolioz adətən qızlarda oğlanlardan 8-10 dəfə artıq rast gəlinir. Qızlarda cinsi inkişaf dövrü var. 9-14 yaş aralığı. Bu yaş aralığında hormonal dəyişikliklər ilk öncə onurğamıza təsir edir və uşaqlarda var olan, yəni cüzi, bir dərəcəli skoliozun artmasına gətirib çıxarır”. 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran fizioterapevt-reabilitoloq Tural İsmayılov uzanmaq və oturmaq forması, o cümlədən mütəmadi telefondan istifadə hallarının da bu xəstəliyə təsirsiz ötüşmədiyini bildirib: “Ya qeyri-standart uzanırlar, otururlar, yaxud daim telefona baxırlar. Bunlar hamısı xüsusilə uşaqlarda onurğa əyriliyini yaradan səbəblərdir. Çünki uşaqlarda onurğa elastik olur və qeyri-standart bir vəziyyətdə çox dayandıqda onurğa əyilmələri yaranır”.

Həkim-mütəxəssislərin fikrincə skoliozun erkən aşkarlanması müalicəni effektiv edir. Amma fizioterapevt Gülay Qurbanzadə deyir ki, burada əyilmə bucağı da nəzərə alınmalıdır: "Təxminən 20 dərəcəyə qədər olan bucaqlarda konservativ müalicə dediyimiz fizioterapiya reabilitasiyası ilə müalicə aparırıq. 20 dərəcədən yuxarı əyriliklərdə isə biz karsetlərin tətbiqi və yanaşı fizioterapiya tətbiq edirik. Lakin 40- 45 dərəcədən yuxarı skoliozlar artıq əməliyyata göstərişdir”. 

 

İndi oxucunu düşündürən əsas suallardan biri budur: skoliozu necə önləmək olar? G.Qurbanzadə bunun da sirlərini bölüşüb: “Ümumiyyətlə, oturuş qaydalarına düzgün şəkildə əməl etmək lazımdır. Davamlı oturaq həyat tərzi keçirən insanlar gün ərzində hər bir saatdan bir qalxıb yüngül də olsa, bir idman hərəkətləri edib yenidən işə davam etməlidir. Stol-stul arasındakı məsafənin düzgün nizamlanması, qolların düzgün şəkildə qoyulması, yəni bunlar çox əhəmiyyət daşıyır”.

 

Fizioterapevt Gülnar Əhmədli isə düzgün yatma qaydalarını xatırladıb: “Kəskin bərk səthli yataqda yatmaq məsləhət deyil. Həmçinin, çox yumşaq yun döşəklərin olması da məsləhət görülmür. Yaxşı olardı ki, ortopedik döşəklərdən istifadə olunsun. Uşaqlar üçün isə ən vacib detal məhz arxası üstə yatmalarıdır”.

Onsuz da yaşadığımız həyatda müxtəlif irili-xırdalı problemlər sözün məcazi mənasında belimizi əyir. Lakin gəlin elə yaşayaq ki, ən azı fiziki olaraq özümüzün və övladlarımızın beli əyilməsin.