Ukrayna ordusunun işğal olunmuş ərazilərini azad etmək məqsədi ilə əks-hücuma keçəcəyi uzun zamandır dünya gündəmində əsas müzakirə mövzularından biridir. Bir çox ekspertlər hücum əməliyyatının aprel ayında gerçəkləşəcəyini proqnozlaşdırırdılar. Hətta ABŞ-nin məşhur Newsweek dərgisi bəzi mənbələrə istinadən xəbər verib ki, ukraynalılar aprelin 30-da əks-hücuma başlaya bilərlər. 

Lakin aprelin 30-da da Ukrayna ordusunun əks-hücumunun şahidi olmadıq. Əməliyyat gecikirmi? Niyə gecikir?

 

 

İqtisadiyyat.az-ın suallarını cavablandıran politoloq Şahin Cəfərli hücumun gecikmədiyini bildirib: ""Ukraynanın hücumu gecikir" şəklində birmənalı ifadə işlətmək doğru olmaz. Yəni hücumun gecikib gecikmədiyini dəqiq bilmək üçün biz bu hücumun hansı tarixə planlaşdırıldığından xəbər tutmalıyıq. Amma belə bir məlumat yoxdur. Ola da bilməz. Çünki bu hərbi sirrdir. Sadəcə ümumi şəkildə belə məlumat var idi ki, hücum əməliyyatı aprelin ikinci yarısı və ya mayda başlaya bilər. Bu baxımdan yanaşsaq, hələ ki, bir gecikmə olduğunu söyləmək doğru olmaz". 

Siyasi şərhçi Ukrayna ordusunun uğur qazana bilməsi üçün tələb olunan bir sıra vacib şərtləri sadalayıb: "Əks-hücum əməliyyatını keçirmək üçün müəyyən şərtlərin, şəraitin yetişməsi lazımdır. İlk növbədə kifayət qədər silah-sursat, hərbi texnika ehtiyatı, xüsusilə artileriya mərmiləri ehtiyatı toplamaq ehtiyacı var. Çünki düşmənin müdafiə sədlərini dağıtmaq üçün artileriya mərmiləri zəruridir. Bu sahədə isə məlum olduğu kimi müəyyən böhran müşahidə olunur. Ukrayna ordusu hazırda ABŞ kimi nəhəng bir gücün bir illik istehsal etdiyi mərmi sayını maksimum iki ayda istifadə edir. Avropa ölkələrində də bu sahədə istehsalın çox zəif olduğu məlumdur. Hazırda silah-sursat ehtiyatının toplanması prosesi gedir. 

 

Digər tərəfdən hücum əməliyyatında iqlim şərtləri də önəmlidir. Yerin torpaq qatının tam quruması lazımdır ki, hərbi texnika sürətli hərəkət edə bilsin. Bu baxımdan bu amilin də ciddi rolu var. Ola bilsin yerin torpaq qatının tam qurumasını gözləyirlər. Ona görə də mən düşünürəm ki, hücum əməliyyatının mayda başlaması ehtimalı daha yüksəkdir".