Təhsil Tələbə Kredit Fonduna yanvarın 25-dək 5000-dən artıq tələbə 2021-2022-ci tədris ilinin payız semestrinin təhsil xərclərinin qarşılanması məqsədilə elektron müraciət edib.

Bu barədə Təhsil Nazirliyindən bildirilib. Həmin müraciətlərdən 1591-i üzrə elektron ərizələr tələbələr tərəfindən yekunlaşmadığı və notarial ərizə nömrəsi qeyd edilmədiyi üçün sistem tərəfindən emalına başlanmayıb. Tam formada təqdim edilmiş 3359 müraciətin cari emal nəticələrinə əsasən, artıq 2350-ə yaxın tələbə təhsil krediti almaq hüququ qazanıb, onlardan 686-sı ilə müvəkkil bank arasında onlayn formada müqavilə bağlanıb və təhsil haqları nağdsız formada onların təhsil aldıqları müəssisələrin bank hesablarına köçürülüb. Onlayn müqavilələrin bağlanması prosesi davam etməkdədir.