Ötən gün saytımıza müraciət edən Aynur Kərimova adlı vətəndaş bildirib ki, karqo şirkətlərindən biri - konkret olaraq "Starex"dən məhsul sifariş edib və sifariş etdiyi məhsulları götürərkən ödəniş zamanı ona nağd qaydada ödəniş edə bilməyəcəyi bildirilib. Əvəzində iki variant təklif edilib: ya kartla ödəmək mümkündür, ya da ödəmə terminalı vasitəsi ilə. Müştəri kartla ödəniş edib. Üzərindəki pulun nominalı iri olduğu üçün ödəmə terminalında ödəniş həyata keçirə bilməyib. Şirkətin alıcıdan nağd qaydada ödəniş qəbul etməməsi istehlakçının hüququnun pozulması hesab oluna bilərmi? 


 
Mövzu ilə bağlı İqtisadiyyat.az-ın sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu hüquq pozuntusu kimi dəyərləndirib: "Dövlətin qanunvericiliyində hər iki ödəniş qaydası paralel gedir. Heç biri üçün məhdudiyyət yoxdur. Karqo şirkətinin istehlakçının seçim hüququnu məhdudlaşdırması birmənalı şəkildə doğru deyil. Bu istehlakçı hüquqlarının pozulmasıdır. Lakin karqo şirkətinin yaxşı niyyətlərindən xəbər verir. Çünki nağdsız ödəniş daha etibarlı hesab olunur. Hökumətin vergi siyasətində də nağdsız ödənişlər təşviq olunur". 

Məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. "Starex"in də daxil olduğu "Star Qrup"da biznesin inkişafı üzrə direktor vəzifəsini icra edən Pərviz Əzimov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, müştəriyə nağd ödəniş məhdudiyyəti qoyulmur: "Biz müştəridən nağd vəsaiti e-manat ödəmə terminalı vasitəsi ilə qəbul edirik. Bu məqsədlə də demək olar ki, əksər filiallarımızda e-manat ödəmə terminalları yerləşdirilib. Müştəri oradan ödənişi nağd şəkildə həyata keçirə bilər. Bununla yanaşı, posterminallar vasitəsi ilə və saytımızdan onlayn şəkildə də ödəniş etmək mümkündür".