Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhər Əliabad bələdiyyəsinə məxsus 1 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı ilk dəfə torpaq müsabiqəsi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, məktəb və bağça binasının tikintisi məqsədilə müsabiqəyə çıxarılan torpaq sahəsinin müsabiqə prosesində qeydiyyatdan keçmiş 2 sifarişçi iştirak edib.

Əmlak Məsələləri Dövlət Xidmətində keçirilən müsabiqədə torpaq sahəsinə dair təkliflər sifarişçilər tərəfindən möhürlü zərflərdə komissiya üzvlərinə təqdim edilib. Qanunvericiliyə müvafiq olaraq möhürlü zərflər komissiya üzvlərinin iştirakı ilə açılıb və ən yüksək qiymət təklif edən sifarişçi müsabiqənin qalibi elan olunub.

Diqqətə çatdıraq ki, 26 sentyabr 2024-cü il tarixdə növbəti torpaq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Keçiriləcək müsabiqə ilə bağlı elan Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytlarında yerləşdirilib.