“Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişikliyi müşahidə olunur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək:

“Küləyin maksimal sürəti arabir 30-35 metr saniyəyə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq”.

O qeyd edib ki, bölgələrdə də bu gün ərzində yağıntılı hava şəraiti davam edəcək:

“Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının kəsəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.