"Elə cərimələr var ki, onların artırılması zəruridir" - ŞƏRH

"Əgər inzibati xəta edən vətəndaş bir aylıq əməkhaqqısını cəriməyə ödəyirsə, burada sosial fəaliyyət prinsipindən söhbət gedə bilməz". 

Bu sözləri bir neçə gün öncə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi fonunda bir sıra cərimələrin artırılmasını şərh edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, cərimələrin məbləğinin artırılması fonunda vətəndaşların sosial vəziyyətinin pisləşməsinə imkan yaradılması yolverilməzdir:

"Cərimələrin artırılmasına münasibət birmənalı deyil. Lakin elə cərimələr var ki, onların artırılması zəruridir. Xüsusən də içkili vəziyyətdə avtomobil idarə edilməsi, həyati təhlükə yaradan məsələlər çərçivəsində cərimələrin sərtləşdirilməsi məqsədəuyğundur. 

Sadəcə olaraq cərimələrin artırılması iqtisadi cəhətdən məqbul sayıla bilməz. Dövlətin imkanlarının artması üçün iqtisadiyyatdan pul çəkilməsi xeyirdən çox zərər verir. Belə ki, həmin resursların hansı hissəsinin təkrar iqtisadiyyata qayıtması məlum olmur. Bundan başqa, əlavə vaxt itkisi yaranır. Hesab edirəm ki, sosial cəhətdən də cərimələrin artırılması effektiv deyil. İnsanların ödədiyi cərimələr əldə etdikləri məvaciblə mütənasiblik təşkil etməlidir. Əgər inzibati xəta edən vətəndaş bir aylıq əməkhaqqısını cəriməyə ödəyirsə, burada sosial fəaliyyət prinsipindən söhbət gedə bilməz. Bu baxımdan şaxələndirilmiş yanaşma tətbiq olunmalıdır".

Gülşən Şərif