Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,9 milyard manatlıq məhsul satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 % çoxdur.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, həmin dövrdə o cümlədən ölkədə 23 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin ilk 9 ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,8 % artıb.

Bu ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,8 %-i ərzaq məhsullarının, 4,3 %-i içkilər və tütün məmulatlarının, 13,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.

2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,5 %, fərdi sahibkarlar üzrə 3,5 %, bazar və yarmarkalarda 3,6 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 447,7 manatlıq, o cümlədən 251,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 196,4 manatlıq qeyri-ərzaq malları alıb.