Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-monetar qızılın idxalının həcminin kəskin artması səbəbindən aparılmış idxal əməliyyatlarının tərkibində idxal rüsumundan azadolmaların həcmi 59,3 % olmaqla 5 milyard 257,8 milyon ABŞ dolları, ƏDV üzrə güzəştlərin həcmi isə 30,6 % olmaqla 2 milyard 714 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları təşkil edib.

Bildirilib ki, ticarət dövriyyəsinin 8 milyard 867,2 milyon ABŞ dollarını (747,8 milyon ABŞ dolları qeyri-monetar qızıl) və ya 40,7 %-ini isə Azərbaycana idxal olunmuş malların, 12 milyard 901 milyon ABŞ dollarını və ya 59,3 %-ini ölkədən ixrac olunmuş malların dəyəri təşkil edib.

Nəticədə 4 milyard 033,8 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında idxalın həcmi 668,9 milyon ABŞ dolları və ya 8,2 % artsa da, gömrük daxilolmaları kontekstində idxalın tərkib komponentində adekvatlıq müşahidə olunmur. Belə ki, idxalın artımının əsas səbəbi idxal olunan qeyri-monetar qızılın həcmi ilə bağlı olub ki, bu da qanunvericiliyə əsasən gömrük ödənişlərindən azaddır. Bu ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl nəzərə alınmadan idxalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 % azalaraq 8 milyard 119,4 milyon ABŞ dolları təşkil edib.