Catering xidməti ilə məşğul olan Yummy Catering  MMC-də nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) daxil olan müraciərlər əsasında şirkətdə yoxlama aparıb.

Yoxlamalar zamanı şirkətin işçiləri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi aşkarlanıb. 

Buna görə qurum şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması Suraxanı Rayon Məhkəməsinə göndərilib. İş hakim Namiq Kərimovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, “Yummy Catering şirkəti 25 000 manatadək cərimələnəcək. 

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Yummy Catering” 2015-ci ildən fəaliyyət göstərir. Şirkətin xidmətlərinə Keytrinq, Furşet, Kofe fasiləsi, Rəsmi Tədbirlər, Açılış, Təqdimat, Korporativ nahar, Banket, Piknik, Ad günü və s.tədbirlərin professional təşkili aiddir.