Dünyanın ən böyük 722 şirkəti ötən il 1 trilyon dollardan artıq mənfəət əldə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq xeyriyyə təşkilatı "Oxfam"ın "Forbes"in "Qlobal 2000" siyahısına əsaslanan təhlilində deyilir.

Məlumata görə, artan qiymət və faiz dərəcələri səbəbilə ardıcıl ikinci ildir ki, dünyanın ən böyük şirkətlərinin qazancı 1 trilyon dolları ötüb. 722 şirkət 2021-ci ildə 1,09 trilyon dollar, ötən il isə 1,1 trilyon dollar qazanıb. Nəticədə şirkətlərin ümumi mənfəəti 2017-2020-ci illərin orta göstəricisi ilə müqayisədə 89% artıb.

Hesabat dövründə 45 beynəlxalq enerji şirkəti illik 237 milyard dollar mənfəət edib ki, bu da ümumi rəqəmin təxminən 22%-ni təşkil edir. Bu dövrdə 28 beynəlxalq əczaçılıq şirkəti 47 milyard dollar, 42 böyük pərakəndə satış şirkəti və supermarket 28 milyard dollar mənfəət əldə edib. Eyni zamanda, 18 qida və içki şirkəti isə 14 milyard dollar qazanıb.