“Clinic Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti valyuta tənzimi qaydalarını pozub.

İqtisadiyyat.az xəbər verir ki, buna görə də şirkət barəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Xalidə Əlisoyun icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Clinic Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Niftəliyev Cabir Hüseynqulu oğludur. Şirkət cərrahi alət və spesifik ləvazimatların satışı ilə məşğuldur.