“Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, meymunçiçəyi (yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus), əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. İnfeksiyanın rezervuarına  bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir: “Virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir. Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla  baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır”.