Azərbaycanın buğda idxalı 50%-dək azalıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycana 30,8 milyon ABŞ dolları dəyərində 134,8 min ton buğda idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon dollar və ya 62,3%, həcmi isə 49,6 % azdır. Buğda idxalının kəskin azalmasının təsirləri ola bilərmi?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, bu ilin əvvəlində bəzi məhsulların idxalında ciddi artım, bəzilərində isə azalma müşahidə edilir.

Keçən ilin ilk aylarında buğdanın bir o qədər çox istehsal olunmadığını və əvvəlki ilə nisbətən artımın çox cüzi qeydə alındığını xatırladan ekspert bildirib ki, anbarlarda hələ ehtiyat buğda mövcuddur.

Onun sözlərinə görə, yaxın bir ayda buğdanın qiyməti bir az da düşəcək:

"Ümumiyyətlə, son bir neçə ildə apardığımız müşahidələr onu deməyə əsas verir ki, bəzi halda idxalla məşğul olan sahibkarlarımız dünya bazarında qiymətlərin dəyişməsinə adekvat reaksiya verirlər. Məsələn, son bir neçə ayda buğdanın qiymətində ciddi enmə müşahidə olunur. Apardığımız araşdırmalar göstərir ki, ümumiyyətlə, buğda istehsalında artım var və dünya bazarına çıxarılacaq buğdanın həcmində də artım gözlənilir. Bu da bizim sahibkarlara gözləmə mövqeyində olmaq imkanı yaradır".

Son bir ayda buğdanın qiymətində çox ciddi enmə olduğunu deyən ekspert vurğulayıb ki, gələn ay nisbətən fiziki çəkidə buğda idxalı artacaq: "Ölkənin buğdaya olan tələbatının əsas hissəsi idxal hesabına ödənilir. Biz çox az həcmdə ərzaq buğdası istehsal edə bilirik. Ona görə də əsasən idxal edirik. Düzdür, idxal etdiyimiz bir o qədər də keyfiyyətli deyil. Ona görə indi bizim sahibkarlar gözləmə mövqeyindədirlər". 

Sadiq Cavadov