Böyük Britaniyanın dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 300%-ə çata bilər.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Büdcə Məsuliyyəti İdarəsi (OBR) maliyyə risklərini təhlil edib.

Məlumata görə, 50 ildən sonra ilk dəfə dövlət borcu ÜDM-in 300%-ə çata bilər. Davamlı və yüksək inflyasiya, artan geosiyasi təhdidlər, kiberhücumlar və qloballaşma da daxil olmaqla, Böyük Britaniyanın dövlət maliyyəsi üçün 57 riski əhatə edən hesabata dörd yeni risk əlavə edilib.

Hesabatda faiz dərəcələrinin artması səbəbilə bu il dövlət borcu ÜDM-in 100%-ni keçdiyi və son 60 ilin ən yüksək həddi olduğu xatırladılıb. Bildirilib ki, Krallığın dövlət borcu digər inkişaf etmiş ölkələrə nisbətən daha sürətlə artıb.

Əlavə edək ki, may ayında Britaniyada xalis dövlət borcu ÜDM-in 100,1%-nə çatıb. Bu da 1961-ci ilin martından bəri ən yüksək səviyyədir.