Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb. Eyni hal cari ilin noyabr ayının 4-ü və 6-sı iki dəfə təkrarlanıb.

Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Qeyd edilən hadisələri törədən şəxslər qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Qeyd edək ki, hərəkətdə olan qatarlara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlərin ciddi narahatçılığına səbəb olan yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb və onlar törətdikləri hadisələri etiraf ediblər.

Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzəridə nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.