Avropa İttifaqı (Aİ) ölkələrində 2023-cü ildə tədqiqat və inkişafa dövlət xərcləri 5,3% artaraq 123,684 milyard avro təşkil edib.

İqtisadiyyat.az bu barədə Aİ-nin statistika idarəsinə istinadən xəbər verir.

Məlumata görə, 2013-cü illə müqayisədə bu göstərici 54,8% artıb.

Bildirilib ki, Avropa İttifaqında adambaşına görə elmi-tədqiqat işlərinə dövlət xərcləri 275,6 avroya yüksəlib. On il əvvəl bu göstərici 181 avroya bərabər olub.

2023-cü ildə bu rəqəm ən yüksək Lüksemburqda (adambaşına 646,6 avro), Danimarkada (552,4 avro) və Almaniyada (529,3 avro) olub. Eyni zamanda, ən aşağı qiymətlər Rumıniyada (21,2 avro), Bolqarıstanda (33,1 avro) və Macarıstanda (48,1 avro) qeydə alınıb.

Qeyd olunub ki, ötən il Aİ-nin dövlət büdcəsindən elmi-tədqiqat və təkmilləşdirmə sahəsinə ayırmaların ən böyük hissəsi dövlət universitetlərinin fondlarında ümumi təhsil ehtiyaclarına yönəldilib (35,5%). Digər təhsil layihələri ümumi xərclərin 17,3%-ni, sənaye istehsalı və texnologiyası 11%, səhiyyə 6,9%, kosmik tədqiqatlar 6%, müdafiə isə təxminən 4%-ni təşkil edib.

 

Sadiq Cavadov