"Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan regionda sülh, tərəqqi, inkişaf gündəliyini irəli aparır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib .

"Bu, bizim bir nömrəli prioritetimizdir. Ancaq bununla paralel olaraq, təbii ki, tarixi cinayətlər, tarixin təkrarlanmaması üçün ölkəmizin faciəvi səhifələri unudulmamalıdır. Bu da bizim gündəliyimizin önəmli bir hissəsi olmalıdır", - XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan insanlarının çəkdikləri əziyyət, pozulmuş hüquqları, 30 ilə yaxın məcburi köçkünlük və qaçqınlıq həyatı yaşamış insanların bu gün mina təhdidinin aradan qaldırılması, Ermənistandan qovulmuş insanların bu ərazilərə qayıtmaq imkanının yaradılması və bir sıra digər istiqamətlər üzrə davamlı iş aparılmalıdır: "Bu gün mina qurbanlarının sayı ilə bağlı qanlı statistikanın aylıq, həftəlik üzrə artımı hərbi cinayətdir. Bu, unudulmamalıdır".