"Seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən seminar - müşavirədə deyib.

Onun sözlərinə görə, bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılmasının məqsədi prosesin daha çevik idarə olunması, işlərə daha keyfiyyətli və operativ baxılmasını təmin etməkdir: "Əlbəttə, məhkəmələr həmişə olduğu kimi, bu seçkilərdə də üzərilərinə düşən vəzifələri həyata keçirməyə hazırdırlar. Ümumiyyətlə, Azərbaycan Respublikasının Seçki Məcəlləsində vətəndaşlarımız üçün çoxsaylı hüquqi imkanlar əks olunub və bu Məcəllə seçkilərin təşkili və keçirilməsinin əsas qaydalarını tam əhatə edir. Məcəllə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin geniş əhatə dairəsini müəyyən edir. Bu şəxslərin dairəsinə: seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir".

İ.Kərimov bildirib ki, şikayət iki formada - inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər: "Dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər. Seçki Məcəlləsində şikayətlərlə bağlı konkret müddətlər də müəyyən olunub. Belə ki, maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər".

Ali Məhkəmənin sədri vurğulayıb ki, apellyasiya instansiyası məhkəmələrində şikayətlərə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır: "İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır. Məhkəmələrdə seçki hüquqlarının müdafiəsinə dair mübahisələrə baxılarkən, bir qayda olaraq, müvafiq seçki komissiyalarının qərar və hərəkətlərinin qanuniliyi yoxlanılır. Bu zaman, icraatın özünün aparılmasına münasibətdə prosessual təminatlara riayət edilib-edilmədiyinə, eləcə də maddi hüququn düzgün tətbiq olunub-olmadığına qiymət verilir. Dinlənilmə hüququnun təmin edilməsi, tərəflərə vəsatət və sübut təqdim etmək imkanlarının yaradılması, obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməklə şikayətin araşdırılması və sair hallar prosessual təminatlarla əhatə olunur. Məhkəmələr bu məsələlərdə işin bütün faktiki hallarını tam araşdırmalı, qərarların əsaslandırılmış formada qəbul edilməsini təmin etməlidir".