Avropa İttifaqı Rusiyanı Ukraynadakı vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhülkəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu gün Brüsseldə Aİ-nin inkişafı məsələlərinin müzakirəsi üçün nazirlərin görüşündə bildirib.

Borrell deyibb ki, Rusiyanın hücumları dayandırması və Ukraynanı tərk etməsi üçün Aİ Kiyevi silahla təmin edir və dəstəkləyir.

Onun sözlərinə görə, Rusiya hökuməti dünən pilotsuz uçuş aparatının (PUA) Kremlə baş vermiş hücumundan Ukraynadakı münaqişəni daha da gərginləşdirmək üçün istifadə etməməlidir.

“Biz Rusiya Federasiyasını bu qondarma hücumdan münaqişənin daha da gərginləşməsi üçün arqument kimi istifadə etməməyə çağırırıq. Biz həmin hücumun Ukraynaya qarşı daha Rusiya tərəfdən çox qoşun toplanmasına və yeni hücumlara səbəb ola biləcəyindən narahatıq”, - deyə Borrell əlavə edib.

Borrell həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin “Ukrayna Rusiya ərazisinə hücum etmir, öz torpaqlarını müdafiə edir” sözlərinə inanır.

Xatırladaq ki, dünən Rusiya Prezidentinin Kremldəki iqamətgahına zərbələr endirmək üçün iki PUA-dan istifadə edilməsi barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, PUA-lar zərərsizləşdirilib, Vladimir Putin xəsarət almayıb və hər zaman olduğu kimi işini davam etdirir.

Kreml bu hücumu əvvəldən planlaşdırılan terror aktı və ölkə liderinə qarşı sui-qəsd kimi qiymətləndirib.