“Təmasın sıx olduğu sahələrdə və bayram günlərində insan axını təxmin edilən yerlərdə məhdudlaşdırıcı tədbirlər görülə bilər”. 

Bunu ARB24-ün “Nə baş verir?” verilişinin qonağı, millət vəkili Müşfiq Məmmədli deyib.

O bildirib ki, bayram tətilində yoluxmanın şiddətli olduğu bir şəhərdən digərinə getmək yoluxma sayını artırar və nəticədə həmin ərazidə virusun geniş yayılması müşahidə edilə bilər: 

“Bayram günündə hansısa məkana, bölgəyə kütləvi şəkildə gedirik və kütləvi şəkildə geri dönürük. Bu, çox təhlükəli haldır. Təmas artması ilə yanaşı həmin ərazini də yoluxma sayı çox olan ərazilər siyahısına daxil edirik. Bu səbəbdən hesab edirəm ki, pandemiya reallığından çıxış edərək, mərhələli şəkildə hər birimiz işimizi planlaşdırmalıyıq. 

Təbii ki, belə olan halda məhdudlaşdırıcı tədbirlərin sərt olmasına ehtiyac qalmır. Əks halda ölkədə aktiv xəstə sayı artar, tibb sistemi yüklənər və onların tibbi yardım alaraq sağalma ehtimalı aşağı düşər”. 

M.Məmmədli onu da qeyd edib ki, Azərbaycan artıq əvvəlki vaxtlardan fərqli olaraq prosesi yumşaq tənzimləmələrlə idarə etməyin modelini tapıb: 

“Biz buna Azərbaycan modeli də deyirik. Lakin hələ ictimai nəqliyyatda təlimatlara istənilən səviyyədə riayət edə bilmirik. Bu səbəbdən aidiyyəti qurumlar daha formalaşmış addımları atmaq məcburiyyətindədir”. 

Azərbaycanın “Sputnik V” və “AstraZeneca” peyvəndlərini almasına münasibət bildirən millət vəkili bu peyvəndlərin yarada biləcəyi əks-təsirlərdən də danışıb: 
“Bu peyvəndlərin hazırlanma mexanizmi fərqli olsa da, təsir mexanizmləri eynidir. Onun əlavə təsirləri isə subfebril temperatur, əzələlərdə ağrı hallarıdır. Ümumilikdə isə hər üç vaksinin bu günə kimi qeyri-adi təsiri müşahidə olunmayıb”.