Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "ArchiCO" mühəndislik və tikinti şirkətində nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik vətəndaşlardan daxil olan müraciət əsasında inşaat şirkətində yoxlamalar keçirib.

Məlum olub ki, fəhlələr əmək müqaviləsi olmadan işə cəlb edilib. 

Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokol tərtib olunub.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Xalidə Əlisoyun icraatına verilib.

Həmin maddədə deyilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "ArchiCO" MMC 2009–cu ildə yaranıb.