“Apple” şirkətinin səhmləri azalıb.
İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, yeni “iPhone 16” seriyalı smartfonlarına tələbat proqnozlaşdırıldığı kimi yüksək olmayıb.
Buna görə də şirkətin səhmlərinin qiyməti 3%-dən çox ucuzlaşıb.
Məlumata görə, “iPhone 16” seriyalı smartfonların ilkin sifarişləri keçən il buraxılmış “iPhone 15”lə müqayisədə daha az olub. Bu da səhmlərin ucuzlaşmasına gətirib çıxarıb.
Bununla belə, süni intellektlə işləyən “Apple Intelligence” xüsusiyyətləri qarşıdakı həftələrdə və aylarda yeni iOS 18 əməliyyat sisteminin buraxılması ilə təqdim ediləcək. Şirkət ümid edir ki, “Apple Intelligence”in istifadəyə verilməsi “iPhone”a qlobal tələbatı canlandıracaq.
Citi analitikləri qeyd ediblər ki, yeni “iPhone 16”nın ilkin sifarişlərinin çatdırılma müddətləri keçən il iPhone 15-in buraxıldığı vaxtdan daha qısadır.
Bildirilib ki, şirkət “iPhone 16” seriyasının nümayişindən sonra ilk həftəsonunda təxminən 37 milyon yeni iPhone 16 satıb ki, bu da keçən ilki iPhone 15-dən 12,7% azdır.