Bu şəhərdə 500 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək - İKZF satmaq öhdəliyi ilə kirayəyə vermək üçün 90 milyon manatlıq mənzil alır.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması üçün hazırlıqlara başlayıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Fondun yaşayış sahəsinə dair tələbləri müəyyənləşib.
Qeyd edilib ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Sumqayıt şəhəri üzrə həyata keçiriləcək.
Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.
Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında təqdim edilməlidir.
Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 500 ədəd olmaqla, 250 ədəd 1 otaqlı, 200 ədəd 2 otaqlı, 50 ədəd 3-4 otaqlı olmalıdır.
Yaşayış sahəsinin ümumi sahəsi 1 otaqlı 60-80 m2, 2 otaqlı 90-100 m2, 3-4 otaqlı 120-140 m2 olmalıdır.
Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır. Daxili hündürlüyü 2,8 metrdən az olmamalıdır. Qapıların hündürlüyü 2,2 metr həddində olmalıdır.
Bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalıdır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.
Binanın (və ya bina kompleksinin) tikintisinə icazə alınan torpaq sahəsi ipoteka ilə yüklü edilməməli, həbs altında olmamalı və özgəninkiləşdirilməsinə qadağa qoyulmamalıdır.
Yaşayış sahələri təhvil verilərkən bina (və ya bina kompleksi) tam hazır olmalıdır.
Binada (və ya bina kompleksində) sakinlər üçün avtodayanacaq mövcud olmalıdır.
Binada sakinlər üçün həyətyanı sahə, uşaqlar üçün oyun yeri nəzərdə tutulmalı, o cümlədən yaşıllaşdırma və abadlıq işləri görülməlidir. Bina (və ya bina kompleksi) yaşayış və nəqliyyat infrastrukturuna yaxın olmalıdır.
Qeyd edək ki, İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınmasının 89 266 666,67 manata başa gələcəyini proqnozlaşdırıb.